BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

21 Azər

21 Azər hərəkatı

12 dekabr – Azərbaycanın şanlı səhifələrindən biri

1945-cı ilin 12 dekabr günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış və xalqımızın yaddaşında dərin iz buraxan şanlı səhifələrindən biridir. Həmin gün uzun illərdən bəri Iran despotizminin ağır iqtisadi-siyasi və mənəvi əsarət altında saxladığı və milli zülmə məruz qoyduğu Azərbaycan xalqının öz hüquqları uğrunda yenidən mübarizəyə qalxdığı və Cənubi Azərbaycan Demokratik Respublikasının elan olunduğu gündür.

Yetmiş ilə yaxın vaxt keçməsinə baxmayaraq, Cənubi Azərbaycan Demokratik Respublikasının hansı siyasi şəraitdə meydana gəlməsinin, qısa zaman kəsiyində ölkənin iqtisadi-siyasi və mədəni həyatında necə böyük dəyişiklərə nail olunmasının, eyni zamanda cəmi bir il siyasi ömür yaşayan demokratik respublikanın mürtəce Iran rejimi ilə beynəlxalq imperializmin qurbanına çevrilməsinin əsl səbəbləri bu gün də hər bir azərbaycanlını düşündürməlidir.

XX əsrin əvvəllərində Rza şah Pəhləvinin hakimiyyət başına gətirilməsindən sonra Qacarlar sülaləsinin Irandakı hökmranlığı sona çatmış və bu vaxtdan etibarən farslardan başqa Iranda yaşayan bütün qeyri-xalqlar, o cümlədən də bu ərazinin aborigeni sayılan Azərbaycan xalqı fars rejiminin yeritdiyi milli ayrı-seçkilik siyasətinin misli görünməyən zülmü altında yaşamağa məcbur olmuşlar.

XX əsrin əvvəllərində ilk olaraq Səttar xan, az sonra isə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə başlayan milli azadlıq hərəkatı məhz fars rejiminin milli zülmünə qarşı yönəlmiş hərəkat idi və çox keçmədən bu hərəkatlar bir sıra obyektiv səbəblər üzündən məğlubiyyətə uğradı. Milli azadlıq hərəkatı dalğasının genişlənməsindən ciddi narahatçılıq keçirən Iran rejimi xalqların azadlıq istəklərini yerində boğmaq üçün getdikcə daha aqressiv üsullara əl atır və feodal zülmü ilə yanaşı milli zülmü də gücləndirir.

Iranda yaşayan qeyri farslara qarşı tətbiq edilən iqtisadi, mədəni və milli zülmün dairəsi sonradan hakimiyyət başına gətirilən Məhəmməd Rza şahın dövründə daha da genişlənməyə başlayır. Iran əhalisinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri ikiqat istismar altına düşərək, həm jandarm üsuluna əsaslanan Iran rejiminin feodal və xanlarının iqtisadi zülmünə, həm də fars rejiminin milli zülmünə qarşı mübarizə aparmalı olurdular.

Fars rejimi Azərbaycan xalqının tarixi haqqını tanımaq istəmir, ona öz dilində danışmağa, ana dilində məktəblər açmağa yasalar qoyur, onun milli və mədəni muxtariyyət tələblərini süngü ilə qarşılayır və bir xalqın tarixi haqqı olan müstəqilliyə edilən cəhdləri amansızcasına boğurdu.

Məhəmməd Rza şahın başçılıqq etdiyi şovinist və irqçi Iran rejimi ağılları çaşdıran belə bir fikir formalaşdırmağa çalışırdı ki, guya Iranda iranlılardan başqa heç bir xalq yaşamır və ona görə də heç bir xalqın, o cümlədən də Azərbaycan türklərinin dil, mədəniyyət barədə qaldırdığı məsələlər cəfəngiyatdan başqa bir şey deyil.

Fars yönətimi, ümumiyyətlə, Azərbaycan dilinin bir dil kimi mövcud olmaması barədə həqiqətə söykənməyən fikir yaymaqla yanaşı, Azərbaycan dilinin guya fars dilinin bir ləhcəsi olması haqqında da cəfəng iddialar irəli sürürdü. Iranda əsrlərlə hakimiyyətdə olduğu dövr ərzində bütün xalqların haqqına hörmətlə yanaşan, heç bir milli ayrı-seçkiliyə yol verməyən Azərbaycan türkü indi olduğu kimi, o zaman da ən adi elementar hüquqlardan məhrum edilmişdir.

Ikinci dünya müharibəsindən sonra dünya düzənində baş verən siyasi gəlişmələr xalqları həbsxanasına çevrilən və içinə aldığı millətləri zülm və istibdad məngənəsində sıxan Iran rejimində də ciddi təbəddülatlar yaratdı. Zülm altında inləyən xalqlar öz mədəni və siyasi hüquqları uğrunda demokratik mübarizəyə qoşuldu.

Tarixi şəraitin yetişdiyini dərk edən Azərbaycan mücahidləri Iranın mürtəce rejiminə qarşı mübarizəyə başlayaraq, geniş demokratik tələblərin irəli sürüldüyü mitinq və nümayişlərə başladılar. Bu tələblər sırasında konstitusiyada əks olunan yerli və vilayət əncümanlarının təcili çağırılması, dövlət aparatının millətçi elementlərini özündə yaşadan polis və jandarmlardan təmizlənməsi, xalqa demokratik azadlıqların verilməsi geniş yer tuturdu.

Lakin mürtəce mahiyyətli Iran rejimi bu tələbləri yerinə yetirmək istəmir, əksinə, demokratik ideyaların qarşısını almaq üçün daha qəddar planlar cızırdı. Başda görkəmli siyasi xadim S.C.Pişəvəri olmaqla, Azərbaycanın tanınmış demokratik düşüncəli fədailəri mübarizəni mütəşəkkil formaya keçirmək üçün 1945-ci ilin yayında Azərbaycan Demokratik partiyasını yaratdılar.

Milli qüvvələr mədəni və yerli idarəetmə sahəsində Iranın hüdudları daxilində Azərbaycana muxtariyyət verilməsi, Azərbaycan dilinin rəsmi dil kimi istifadə olunması, yerli və vilayət məclislərinin yaradılması və başqa tələbləri özündə əks etdirən müraciət qəbul etdi ki, bu da xalq arasında geniş rəğbətlə qarşılandı. Nə qədər müqavimət göstərilməsinə baxmayaraq, milli azadlıq hərəkatı tez bir zamanda Azərbaycanın bütün əyalətlərində yayılmağa başladı ki, bu da 1945-ci ilin noyabrında Təbrizdə ümumxalq toplantısı keçirilməsi və bu yığıncaqda Iran daxilində Azərbaycana muxtariyyət verilməsi ilə bağlı bəyannamənin qəbul edilməsi ilə nəticələndi.

Ümumxalq toplantısı Milli komitə yaradaraq, komitəyə Azərbaycana muxtariyyət verilməsi məsələsinin sülh yolu ilə həll edilməsi üçün Iran rejiminin hakimiyyət nümayəndələri ilə lazımi danışıqlar aparmaq səlahiyyəti verdi. 12-si dekabr 1945-ci ildə Azərbaycan Milli məclisinin ilk tarixi iclası keçirildi. Azərbaycan Demokratik partiyasının təşkilatçısı S.C.Pişəvəri məclisin tapşırığı əsasında Azərbaycanın Milli hökumətini formalaşdırdı.

Milli məclis hökumətin Azərbaycan xalqının iqtisadi-siyasi və mədəni hüquqlarını özündə əks etdirən təqdim etdiyi proqramı təsdiq etdi. Proqramda Azərbaycanın muxtariyyətinin genişlənməsi və möhkəmlənməsi, fədailərdən ibarət xalq dəstələrinin təşkili, Azərbaycan dilinin rəsmi dil kimi istifadə edilməsi, ana dilində məktəblərin açılması, fabrik və zavodlar yaradılması hesabına yeni iş yerlərinin açılması, bütün vətəndaşlara vicdan və din azadlığının verilməsi, Azərbaycan ərazisində yaşayan bütün xalqlara eyni qaydada hüquq və azadlıqların şamil edilməsi və Azərbaycanın müstəqilliyinin inkişafını təmin etməyə yönəlmiş digər məsələlər geniş əks olunmuşdur.

Azərbaycan Milli Məclisi fəaliyyətə başladığı gündən indiyə qədər fars rejiminin iqtisadi və milli zülmünə məruz qalan əhalinin zəhmətkeşlərinə onların güzəranını yaxşılaşdırmağa yönəlmiş bir sıra üstünlük verdi. Bu vaxta qədər ayrı-ayrı xanların əlində cəmləşən torpaqlar və su mənbələri onların əlindən alınaraq kəndlilərə verildi. Məhsulun bölüşdürülməsində kəndlilərin pay dərəcəsi artırıldı. Bir sözlə, Milli hökumət Azərbaycan xalqının iqtisadi və mədəni tələblərinə uyğun və onun müstəqil dövlət tərkibində yaşayışını təmin edən bir sıra mütərəqqi addımlar atdı ki, bunu da xalq geniş rəğbətlə qarşıladı.

Azərbaycan Milli hökuməti qısa zamanda dövlətin müstəqilliyi, onun əsaslarının möhkəmlənməsi üçün hansı addımlar tələb olunursa o addımları cəsarətlə atdı. Milli, mədəni, siyasi, iqtisadi və hərbi sahədə atılan addımlar, milli kimliyin, milli özünütəsdiqin gerçəkləşməsinə xidmət edən islahatların həyata keçirilməsi geniş vüsət aldı.

Dövlət dili haqqında qanun qəbul edildii və ilk dəfə olaraq türk dili rəsmi dil kimi dövriyyəyə daxil oldu. Azərbaycan Incəsənət və Rəssamlıq məktəbləri, Dövlət Teatrı teatrı, filarmoniya yaradıldı. Milli dildə böyük oxucu kütləsini özündə birləşdirən onlarla jurnal və qəzet və məcmuələr nəşr edilməyə başladı. Azərbaycanın fədailərdən ibarət milli ordusu və digər güc strukturları yaradıldı ki, bunlar da dövlətin təhlükəsizliyini qorumaq baxımından çox əhəmiyyət daşıyırdı.

Ancaq Azərbaycan Milli hökumətinin həyata keçirdiyi bu islahatlar nəinki Iran rejimini, həmçinin Iranda böyük iqtisadi maraqları təmin olunan ABŞ və Böyük Britaniya dövlətlərini və eyni zamanda Azərbaycanı vahid dövlət kimi görməkdən ehtiyatlanan SSRI-ni narahat etməyə başladı. Bu gün Azərbaycanda olduğu kimi, o zaman Irana böyük yatırımlar qoymuş və Iranı müstəmləkəyə çevirmiş ABŞ və Ingiltərə heç bir vəchlə Iranda milli və demokratik bir dövlətin qurulub, milli maraqlardan çıxış etməsini qəbul etmək istəmirdi.

Azərbaycanın muxtariyyət əldə etməsindən sonra Iranda zülmə məruz qalan digər xalqların da milli azadlıq hərəkatına başlamasından təşviş keçirən Qəvvam əs-Səltənə hökuməti rejimi laxladan bu demokratik proseslərin qarşısını almaq məqsədi ilə və Azərbaycan Milli hökumətini tanımasın deyə, tez bir zamanda SSRI-ni razı salan iqtisadi müqavilələrin bağlanmasına qərar verdi.

Böyük dövlətlərin Irana olan merkantil maraqlarını təmin etdikdən və yeni yaranmış, hələ kifayət qədər oturuşmamış Azərbaycan Milli hökumətinə divan tutduğu halda heç bir dövlətin bu prosesə qarışmamasından tam arxayın olduqdan sonra Iran rejimi sərbəstlik əldə etdi və ən iyrənc üsullara əl ataraq Azərbaycan Milli hökumətini devirməyə nail oldu.

Beynəlxalq imperializmdən dəstək alıb, məqsədinə çatan fars rejimi o gündən başlayaraq Azərbaycanın heç bir siyasi, mədəni hüquqlarını tanımaq istəmir və Cənubi Azərbaycanda yaşayan, say tərkibi Iran əhalisinin yarısından çoxunu təşkil edən soydaşlarımızı molla əsarətində saxlamaqda davam edir.

Təəssüflər olsun ki, parçalanmış, vaxtı ilə böyük dövlətlərin “parçala, hökm sür” siyasəti nəticəsində ikiyə bölünmüş xalqlar yenidən birləşsə də, 50 milyon Azərbaycan xalqı öz tarixi haqqına sahib çıxa bilmir. Bu gün bu siyasət göz altına alınmalıdır. Buraxdığımız səhvlərin və bundan irəli gələn tarixi ədalətsizliyin aradan qaldırılması, Azərbaycan deyilən dünyanın vahidliyinin təmin edilməsi siyasəti.

25 mindən artıq soydaşımızın amansızcasına qətlə yetirilməsi, təndirdə diri-diri yandırılmaları, edamlar, fəryad qoparan uşaqların qurbanlıq quzu kimi başlarının kəsilməsi, qız-gəlinin irz-namusuna təcavüzlər, yüz minlərlə insanımızın sürgün və mühacirət həyatı ilə sonuclanan bu qanlı, eyni zamanda millətimizin azadlıq uğrunda mübarizəsinin şanlı səhifələrini özündə əks etdirən 21 Azər tarixi bizi yaddaşlara səsləməli və biz dövlətçilik ənənələrimizin ilkin təməl daşının qoyulduğu Güney Azərbaycanımızın bu gün də yaşadığı acıları heç vaxt yaddan çıxarmamalıyıq.

Nurəddin Ismayıl